Volqoqrad vilayət məhkəməsi Volqoqrad Politexnik Kollecinin 21 yaşlı tələbəsi Andrey Qluxovu ona qarşı dövlətə xəyanət maddəsi ilə açılmış iş üzrə 12 il müddətinə azadlıqdan məhrum edib. Andrey həbs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu barədə "Mediazona" saytı məhkəmənin mətbuat xidmətinə istinadən məlumat verib.
Hökm bir ay davam edən məhkəmə prosesinin sonunda - mayın 29-da çıxarılıb. Onun atası Eduard Qluxov "Mediazona"ya bildirib ki, 2024-cü ilin sentyabrında təhlükəsizlik qüvvələri A.Qluxovun anası ilə birgə yaşadığı mənzilində axtarış aparıblar və ona məxsus kompüter avadanlığı götürüblər. Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən dindirildikdən sonra Andrey evə buraxılıb, ancaq bir ay sonra, 2024-cü ilin oktyabrında o, yenidən saxlanılıb.
E.Qluxovun sözlərinə görə, onun oğlu Andrey Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxıb və Rusiya işğalçı müharibəyə başladıqdan sonra "ya hansısa oyunda, ya da bir saytda" özünü Ukrayna vətəndaşı kimi təqdim edən şəxslə tanış olub. Həmin şəxs ona iki ölkə arasında danışıqların sürətləndirilməsi məqsədilə imzalar topladığını deyib və Andreyə Ukrayna bankında hesab nömrəsi verib. Andrey həmin hesaba iki dəfə olmaqla, hər dəfə 1500 rubl göndərib.
A.Qluxov uşaq yaşlarından əlildir, o, serebral iflicindən (DCP) əziyyət çəkir. Andrey məhkəmədə özünü təqsirli bildiyini deyib.