Müharibədə pula qənaət: Rusiya könüllülərə bonusları azaldır

Qismən səfərbərlik zamanı orduya çağırılan rusiyalılar qatara minirlər. 2022

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq 40 aydan çoxdur ki gedir. Moskva könüllülərdən ibarət legionların dəstəyi ilə irəliləməyə davam edərkən, yüksək maaş və cazibədar təkliflərlə kişilər orduya cəlb edilir.

Bəzi bölgələrdə yeni könüllülərə verilən imza bonusları (orduya qoşulmaq üçün müqavilə imzalandıqdan sonra) bir illik əməkhaqqını üstələyir, bu pul axını isə yerli iqtisadiyyatları transformasiya edib və münaqişəyə olan geniş dəstəyi təmin edib.

İkinci Dünya müharibəsindən bəri görünməmiş itki sayı da çağırışlara təsir göstərməyib. Yeni dərc olunmuş bir hesablamaya görə, bu yay Rusiyada 1 milyon adam həlak olacaq, ya da yaralanacaq.

Bu dəyişir. Son həftələrdə Rusiyanın ən azı beş regionunda yeni hərbi könüllülərə verilən birdəfəlik imza bonuslarını azaldılıb. İyunun 5-də Başqırdıstanın Volqa bölgəsi də bu siyahıya qoşularaq yeni çağırışçılar üçün ödənilən məbləği yarıya endirib. Mütəxəssislərin fikrincə, bunun əsas səbəblərindən biri regionlardakı yerli hökumətlərin pisləşən iqtisadi vəziyyət fonunda bu ödənişləri ödəməyi davam etdirməkdə çətinlik çəkməsidir.

"Mən inanıram ki, bir tərəfdən bu, regional büdcənin gərgin vəziyyəti ilə bağlıdır", - Başqırdıstandan olan iqtisadçı AzadlıqRadiosuna bildirib.

"Digər tərəfdən, bu, müqaviləli əsgərlərin cəlb edilməsinə ehtiyacın artıq o qədər də kəskin olmadığına işarə ola bilər", - səlahiyyətlilər tərəfindən təqib olunmamaq üçün adının açıqlanmasını istəməyən ekspert əlavə edib.

Rusiya hərbi çağırış üçün gündə 24 milyon dollar xərcləyir

Müharibənin böyük bir hissəsində Rusiyanın taktikasının əsasını piyada qüvvələrinin cəbhə xəttinə dalbadal hücumları təşkil edib. Bu cür hücumlar Ukrayna mövqelərini say üstünlüyü ilə əzmək məqsədi daşıyıb və nəticədə (Rusiya tərəfində) fövqəladə dərəcədə yüksək itkilərə səbəb olub.

Xalqın narazılığından ehtiyat edən Kreml ümumi səfərbərlik elan etməkdən çəkinib. Bunun əvəzinə, səlahiyyətlilər ordu sıralarını dolu saxlamaq üçün qarışıq şəxsi heyətə etibar ediblər: "Vaqner" kimi özəl muzdlu hərbi şirkətlər müstəqil şəkildə döyüşçü toplayıblar; həmçinin, məhkumlar da xidmət müqabilində amnistiya vədi ilə müharibəyə könüllü cəlb olunub və ya buna məcbur ediliblər.

2023-cü ildən etibarən Kreml regionlar üçün hərbi çağırış üzrə kvotalar müəyyən edib, bu da yerli hakimiyyətləri fərdi olaraq öz kampaniyalarını təşkil etməyə və fərdi olaraq imza bonusları təklif etməyə təşviq edib.

Berlində yerləşən Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Alman İnstitutunun Rusiya üzrə eksperti Yanis Kluqenin sözlərinə görə, bu, Müdafiə Nazirliyi tərəfindən verilən ödənişlərə əlavə olunduqda milli səviyyədə olduqca böyük bir məbləğ ortaya çıxır. Rusiya hərbi çağırış üçün gündəlik ortalama 24 milyon dollar xərcləyir.

Y.Kluqenin 2025-ci ilin əvvəlində apardığı hesablamalara görə, gündəlik olaraq 1000–1500 kişi döyüşmək üçün müqavilə imzalayıb. Onun izlədiyi Rusiyanın 37 regionunda orta birdəfəlik imza bonusu 1.4 milyon rubl (17 min 700 ABŞ dolları) təşkil edib. Bu da Rusiyanın əksər regionlarında orta illik əməkhaqqını xeyli üstələyir.

"Rusiyada imza bonusunun miqdarı hərbi səfərbərliyin nə dərəcədə uğurla getdiyini göstərən ən yaxşı göstəricidir", - Kluqe bu yaxınlarda paylaşdığı bloq yazısında bildirib.

Keçən ay Rusiya prezidenti Vladimir Putin isə iddia edib ki, ölkə orduya hər ay 60 min nəfər könüllü cəlb edir.

Başqırdıstanda regional hökumət imza bonuslarını davamlı olaraq artırıb: 2022-ci ilin yayında 205 min rubldan iki il sonra 505 min rubla, sonra isə 2025-ci ilin əvvəlində üç dəfə artaraq 1.6 milyon rubla (20 min 190 dollar) çatdırıb.

İndi isə iyunun 5-də regionun rəhbəri Radiy Xaribov tərəfindən imzalanmış fərmana əsasən, bu məbləğ 1 milyon rubla (12 min 620 ABŞ dolları) endirilib. Özü ayrıca imza bonusu təklif edən regional paytaxt Ufa şəhərində də müvafiq məbləğ azaldılıb.

AzadlıqRadiosunun Tatar-Başqırd xidməti, BBC-nin Rusiya xidməti və "Mediazona"nın apardığı hesablamalara görə, Başqırdıstan Rusiya regionları arasında müharibədə ən çox itkilər verən regionlardandır.

Digər bir neçə region da imza bonuslarını azaldıb. Bunlara uzaq şimaldakı Yamalo-Nenets regionu və Nijni-Novqorod daxildir.

Rusiyada ən yüksək imza bonusu təklif edən region olan Samara vilayətində isə bu məbləğ 3.6 milyon rubl (45 min 430 ABŞ dolları) idi. Lakin fevralın sonunda yerli administrasiya bu məbləği 2.1 milyon rubladək (26 min 500 ABŞ dolları) endirib.

Rostovda hərbi xidmətə çağırış məntəqəsi.

Yenidən strukturlaşdırılan Rusiya iqtisadiyyatı

2022-ci ilin fevralında Kremlin genişmiqyaslı işğal müharibəsinə başlamasından sonra Qərb hökumətləri Moskvanı bu müharibəni dayandırmağa məcbur etmək üçün Rusiyaya geniş sanksiyalar tətbiq edib. Bununla belə, Rusiya iqtisadiyyatı bir çox ekspertin proqnozlaşdırdığından daha dayanıqlı olduğunu sübut edib. Bu, qismən də onun xaricə neft və qaz satışından əldə edilən davamlı gəlirləri sayəsində mümkün olub.

Kreml yalnız orduya canlı qüvvənin cəlb olunmasına deyil, eyni zamanda, iqtisadiyyatın yenidən qurulmasına da külli miqdarda vəsait yönəldib. Tanklar, silahlar və bombalar istehsal etmək üçün hərbi-sənaye obyektlərini genişləndirib. Lakin bu, iqtisadiyyatda gərginlik yaradıb, inflyasiyanı sürətləndirib və nəticədə Mərkəzi Bank faiz dərəcələrini artırmağa məcbur olub. Bu isə rusiyalılar üçün ev və digər iri dəyərli əşyalar almaq üçün kredit götürməyin daha baha başa gəlməsinə səbəb olub.

Avropanın proqnozlarına görə, Rusiyada iqtisadi artımın bu il 1.7 faizədək yavaşlayacağı gözlənilir, digər proqnozlara əsasən isə, bu göstərici 2 faizə çata bilər.

Mühacirətdə yaşayan siyasi şərhçi və vaxtilə Putin üçün nitq yazarı kimi çalışmış Abbas Qallyamov AzadlıqRadiosuna bildirib ki, regionlarda ödənişlərin azaldılması, ehtimal ki, büdcə sıxıntıları ilə bağlıdır. "Onların pulu tükənmək üzrədir", – o, AzadlıqRadiosuna deyib.

Yazı AzadlıqRadiosunun Tatar-Başqırd xidməti tərəfindən hazırlanıb.