Rusiya miqrant işçiləri izləmək üçün əhatəli yeni bir sistemi işə salmağa hazırlaşır. Bu sistem biometrik qeydiyyat, yerin izlənməsi və gücləndirilmiş polis nəzarətini özündə birləşdirəcək.
Sentyabrdan başlanması planlaşdırılan proqram Kremlin milli təhlükəsizlik və sosial nizam adı altında miqrasiya üzərində sıx nəzarətini gücləndirməsinin son mərhələsini təşkil edir.
Keçən ay Rusiya Dövlət Duması tərəfindən qəbul edilən təşəbbüsü rəsmilər "eksperiment" adlandırır. Bu, miqrant işçilərin ən çox toplandığı Moskva və ətraf regionlarda yeni sistemin tətbiqini nəzərdə tutur.
Növbəti dörd il ərzində vizasız ölkəyə daxil olan xarici vətəndaşlardan onların geolokasiyasını real vaxt rejimində izləyən mobil proqramda qeydiyyatdan keçmək tələb olunacaq.
Məkan məlumatlarının üç gündən gec ötürülməsi miqrantın xüsusi izlənmə siyahısına salınması ilə nəticələnə bilər ki, bu da faktiki olaraq deportasiyaya aparan sürətli yol deməkdir.
Azyaşlılar, diplomatlar və onların ailələri, həmçinin Belarus vətəndaşları proqramdan azaddırlar. Lakin digərləri üçün tələblərə barmaq izinin götürülməsi, biometrik fotoşəkillər, yaşayış yerinin təsdiqi və davamlı rəqəmsal nəzarət daxildir.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, pilot layihə daha sonra bütün ölkə üzrə genişləndirilə bilər. O, bunun miqrasiya ilə bağlı pozuntuları və cinayətləri azaldacağını iddia edib. Amma tənqidçilər buna inanmırlar.
Miqrasiya üzrə ekspert Dilşod Abduraxmon AzadlıqRadiosunun Rusiya xidmətinə deyib: "Düzünü desəm, biz təəccüblənmirik".
O hesab edir ki, bu addım əcnəbi işçilərə hərbi müqavilələr imzalatmaq məqsədilə təzyiq göstərmək üçün daha geniş strategiyanın bir hissəsidir: "Ukraynada müharibə başlayandan bəri Rusiya miqrantlara qarşı çoxsaylı qanunlar qəbul edib. Mən hesab edirəm ki, bu qanun xüsusi olaraq miqrantları müharibə səylərinə qoşulmağa məcbur etmək üçün hazırlanıb. Bu, onlara başqa seçim imkanları qoymayan məqsədli siyasətdir".
Yaxınlarda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölkənin Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə birgə miqrantların toplaşdığı əraziləri hədəf alan reydlərin olacağını elan edib. Məqsəd Rusiya vətəndaşlığını almış, lakin hərbi xidmət üçün qeydiyyatdan keçməyən şəxslərin müəyyən edilməsidir.
Bastrıkin fəxrlə artıq belə 80 min şəxsin tutulduğunu deyib və iddia edib ki, "nədənsə Özbəkistanda, Tacikistanda və Qırğızıstanda yaşamağı xoşlamayan" 20 min gənc Rusiya vətəndaşı hazırda cəbhədədir.
Sizin brauzer HTML5-i dəstəkləmir
''Oblava' edirlər. Tutatutdur' - Rusiyada minlərlə azərbaycanlı deportasiya təhdidi ilə üz-üzə
"Evdəki diktatorlardan heç bir etiraz gözləmirəm"
Miqrasiya üzrə ekspert Abduraxmonun sözlərinə görə, Rusiya hakimiyyəti miqrantların vətənlərindəki ağır iqtisadi vəziyyətindən faydalanır. O, Mərkəzi Asiyada iş imkanlarının azlığına işarə edib. "Bu ölkələrdəki diktatorlar işçi axınının azalmasına və ya daxildə iş yerlərinin yaradılmasına əhəmiyyət vermirlər. Miqrantlar çox vaxt dözülməz şəraitdə yaşayırlar və buna görə də ölkəni tərk etməyə məcburdurlar", - o, izah edib. "Rusiya bunu bilir və insanlıqdan uzaq qanunlarla onların ümidsizliyindən sui-istifadə edir".
Abduraxmon regiondakı liderlərin buna qarşı çıxmasını gözləmədiyini bildirib: "Evdəki diktatorlardan heç bir etiraz gözləmirəm, xüsusilə də Tacikistanda 30 ildən çoxdur hakimiyyətdə olan Emomali Raxmondan. Onun ən böyük prioriteti hakimiyyətdə qalmaq üçün Moskvayla yaxşı münasibətləri qorumaqdır. Digər bütün məsələlər ikinci dərəcəlidir".
ABŞ artıq bir neçə ildir ki, mobil tətbiqlər vasitəsilə oxşar izləmə sistemi istifadə edir.
Nəzarət proqramı ABŞ-yə icazəsiz mühacirləri məhkəmə işləri davam edərkən onları təcridxanalarda saxlamaq əvəzinə iş icazəsi ilə ölkəyə buraxmağa imkan verir. İmmiqrantlar mütəmadi olaraq tətbiq vasitəsilə olduqları yerləri təsdiqləməlidirlər, yoxsa mümkün həbs riski ilə üzləşirlər. Tramp administrasiyası indi deportasiya məqsədilə icazəsiz immiqrantları tapmaq üçün bu proqramdan istifadə edir.
Ukraynada müharibə və 2024-cü ilin martında Moskva ətrafındakı "Crocus City Hall" konsert kompleksinə edilən terror hücumu kimi son hadisələrdən sonra Rusiyada miqrant işçilərə qarşı təzyiq misli görünməmiş dərəcədə artıb.
Miqrantlara qarşı tədbirlər polis reydlərini, miqrasiya sənədlərini düzgün hazırlamamaqda ittiham olunan məmurlara qarşı cinayət işlərini və rus dilini bilməyən miqrant uşaqların rus məktəblərinə getməsini qadağan edən yeni qanunvericiliyi əhatə edir.
Yazı AzadlıqRadiosunun Rusiya, Mərkəzi Asiya xidmətləri və radionun Balkan xidmətinin müxbiri Ayla Obradovic tərəfindən hazırlanıb.