Ukrayna prezidenti Volodimir Zelenski iyunun 6-da ölkəsinin bir çox hissəsinə Rusiyanın kütləvi hücumlarını pisləyib.
"Rusiya öz çizgisni dəyişmir - şəhərlərə və adi həyata qarşı növbəti kütləvi zərbələr", - Zelenski bildirib.
O əlavə edib ki, hücumda 400-dən çox dron və 40-dan çox raket, o cümlədən ballistik raketlər də istifadə olunub.
Prezident Zelenskinin sözlərinə görə, son hücumlarda 49 nəfər yaralanıb və bu rəqəm arta bilər.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Teleqram hesabındakı paylaşımında bildirib ki, ən azı 4 nəfər həlak olub. Onlardan üçü — Pavlo Yezhor, Danilo Skadin və Andriy Remenni — hücum vaxtı insanlara yardım göstərən yanğınsöndürənlərdir.
Zelenski beynəlxalq ictimaiyyəti, xüsusilə də ABŞ və Avropanı daha sərt addımlar atmağa çağırıb.
"Əgər kimsə təzyiq göstərmirsə və bu müharibəyə daha çox insan həyatını almağa zaman verirsə, bu, suç ortaqlığıdır", - deyə o xəbərdarlıq edib.
"Biz qətiyyətlə hərəkət etməliyik", - Zelenski vurğulayıb.
İyunun 6-da Kiyev şəhərinin meri Vitali Kliçko gecə Kiyevə raket və pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 4 nəfərin öldüyünü təsdiqləyib və əlavə edib ki, "bir neçə yerdə axtarış-xilasetmə əməliyyatları davam edir".
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə bildirib ki, dronlar şəhərin şərq tərəfində yerləşən çoxmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrinə düşüb və orada yanğın başlayıb.
Ukrayna Hərbi Hava Qüvvələri şəhərin dronlar və "Kalibr" qanadlı raketləri ilə hədəfə alındığını bildirib.
ABŞ prezidenti Donald Tramp iyunun 4-də bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın bu yaxınlarda Rusiya aerodromlarına hücumına cavab verəcəyi barədə xəbərdarlıq edib.