Keçid linkləri

2025, 08 İyun, bazar, Bakı vaxtı 00:43

Qurban bayramına görə ətin qiyməti artıbmı?


İyunun 6-7-də, bir çox ölkələr kimi, Azərbaycanda da Qurban bayramı qeyd edilir. (Foto arxiv)
İyunun 6-7-də, bir çox ölkələr kimi, Azərbaycanda da Qurban bayramı qeyd edilir. (Foto arxiv)

Qurban bayramı ilə bağlı istər paytaxt Bakıda, istərsə də ölkənin bölgələrində diri heyvanların qiymətində artım olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna həm Bakıda, həm də bəzi bölgələrdə heyvan satışı məntəqələrində deyiblər.

Şamaxı rayon bazarında heyvan satışı ilə məşğul olan, amma adının çəkilməsini istəməyən bir şəxsin sözlərinə görə, əsasən, bir yaşına qədər quzuların qiymətində artım var: "İndi 14 kiloqramlıq quzunu təqribən 290-300 manata almaq mümkündür. Bir kiloqram quzu əti təqribən 21 manata düşür. Halbuki, bayram ərəfəsində 19-20 manata quzu əti almaq mümkün idi".

Həmin şəxsin vurğulamasına görə, artım elə də yüksək deyil.

Bakıdakı heyvan satış məntəqələrinin bir neçəsində qiymət artımının olmadığını bildirirlər, bəzilərində isə müəyyən bahalaşmadan bəhs edirlər. Onların deməsinə görə, satışa çıxarılan qoyunların qiyməti, əsasən, 300 manat civarında dəyişir. Satıcılar vurğulayıblar ki, əslində ötən illə müqayisədə qiymət artımı yoxdur. "Amma son aylar qoyun ətində, az da olsa, düşüş var idi. Sadəcə bayramla bağlı yenə cüzi artım müşahidə edilir", - onlardan biri söyləyib.

Masazır qəsəbəsindəki satıcılardan biri xatırladıb ki, bu il Qurban bayramı köç zamanına düşüb: "Bilirsiniz ki, hər il Qurban bayramı əvvəlki il ilə müqayisədə 10 gün (hicri təqvimindən asılı olaraq) tez qeyd edilir. Bu il Qurban bayramı Azərbaycanda köç və biçin zamanına düşdü. Heyvanlar qışlaqdan yaylağa daşınan zaman bir çox fermerlər heyvanlarının bəzilərini satışa çıxarırlar. Əkin-biçin işlərinə görə də heyvanlarını satışa çıxaranlar var. Bu da bazarda bolluq yaradır. Üstəlik, adamların alıcılıq qabiliyyəti də elə də yüksək deyil. Ona görə, əvvəlki illərlə müqayisədə bu il Qurban bayramında ciddi artım olmadı".

Adının çəkilməsini istəməyən həmin satıcı əlavə edib ki, onsuz da Azərbaycanda ətin qiyməti pik həddinə çatıb: "Qonşu ölkələrlə müqayisədə Azərbaycanda ət bahadır. Daha bundan da artıq nə qədər bahalaşacaq ki?!".

Bakının bəzi marketlərində isə quzu əti 21-22 manata təklif edilir.

Alıcılar vurğulayırlar ki, qiymətlərdə təqribən 1-2 manat artım var.

Alıcıların bir çoxu isə ətin qiymətindən çox, qəssabların qiyməti artırmasından şikayətləniblər. Onların deməsinə görə, qəssablar artıq öz xidmətlərini 20-25 manata yüksəldiblər.

İyunun 6-7-də, bir çox ölkələr kimi, Azərbaycanda da Qurban bayramı qeyd edilir. İslam inancına görə, hər il Qurban bayramında ailələr müxtəlif heyvanlar alıb onun ətinin müəyyən hissəsini aztəminatlı ailələrə paylayırlar.

XS
SM
MD
LG