Keçid linkləri

2025, 08 İyun, bazar, Bakı vaxtı 00:26

Yeniyetmə TikTok ulduzunun qətli Pakistanda etirazlar doğurub


Sana Yusaf
Sana Yusaf

Pakistanlı qadınlar yeniyetmə sosial media inflüenseri Sana Yusafın zorakılıqla öldürülməsindən qəzəblənib. Onlar S.Yusafın iyunun 2-də paytaxt İslamabaddakı evində güllələnməsi pisləyirlər. Şəhər polisi yeniyetmənin qətli ilə əlaqədar 22 yaşlı gənc oğlanı həbs etdiyini bildirib. Məlumata görə, Sana həmin şəxsin dostluq təklifini rədd edibmiş.

Sosial media inflüenserinin qətli pakistanlı bir çox qadın üçün 240 milyonluq mühafizəkar müsəlman ölkəsində qadınların ictimai yerlərdə və onlayn məkanlarda məruz qaldıqları geniş yayılmış zorakılıq, təzyiq və qısnamanın bir xatırlatmasıdır.

İslamabaddan olan hüquq müdafiəçisi Şad Bequm deyib ki, "qadınlar qəzəblidir".

Sözügedən qətldən sonra interneti zəbt edən sosial media paylaşımlarına işarə edən Bequm "bəzi dardüşüncəli insanların onlayn reaksiyası bizi xüsusilə şoka salıb", - deyə bildirib.

Kişi sosial media istifadəçiləri Yusafın mühafizəkar cəmiyyətdə, "namus qaydaları"nın qadınların seçimlərini və ictimai davranışlarını məhdudlaşdırdığı mühitdə məşhur sosial media profilinə sahib olması səbəbindən öldürülməsinin haqlı olduğunu söyləyib.

S.Yusafın müxtəlif sosial media platformalarında 1 milyondan çox izləyicisi olub. 800 mindən çox izləyicisi olan TikTok hesabında Sana keçən həftə 17 yaşını qeyd etdiyi bir video paylaşıb. O, tez-tez sinxron mahnı (lip-sync) videoları paylaşıb və video paylaşma platformasında gözəllik məhsullarını təbliğ edirdi.

"Biz nifrət və dözümsüzlüyün partlayış sürətində artmasından narahatıq",- Ş.Bequm bildirib.

İyunun 5-də insan haqları fəalları İslamabadda və şimal-qərbdə yerləşən Peşəvər şəhərində yeniyetmə qızın öldürülməsinə qarşı etiraz aksiyaları keçiriblər.

"Bu qətl qadınların və qızların həyatları və seçimləri üzərində müstəqillik tələb edərkən qarşılaşdıqları təhlükələrin qorxuducu xatırlatmasıdır", - "Pakistan İnsan Haqları Komissiyası" qeyri-hökumət təşkilatının kommunikasiya rəhbəri Mahin Praça bildirib.

O, Pakistanda qadınlar üçün onlayn məkanları təhlükəsiz etmək məqsədilə sürətli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

"Bura belə platformaların gənc qadınları təhlükəyə məruz qoyacaq məzmunu nisbətən çox yaymasının qarşısını alan alqoritm daxildir", - o bildirib.

Pakistanlı hüquq müdafiəçilərinin Kəraçidə qadınların öldürülməsinə qarşı etiraz aksiyası.
Pakistanlı hüquq müdafiəçilərinin Kəraçidə qadınların öldürülməsinə qarşı etiraz aksiyası.

Hər il Pakistanda yüzlərlə qadın qətlə yetirilir

S.Yusaf ölkədə qətlə yetirilmiş sonuncu qadın sosial media inflüenseridir.

Bu ilin yanvarında ölkənin cənub-qərbində yerləşən Kvetta şəhərində polis Anvar ul-Hakı adlı şəxsi qətl törətməkdə ittiham edib. O, 14 yaşlı qızı Hiranın qətlini planlaşdırdığını etiraf edib. O, qızının TikTok videolarını buna səbəb göstərib və deyib ki, bu videolar "təhqiredici" olub və onun namusuna xələl gətirib.

Oktyabrda isə ölkənin cənub liman şəhəri Kəraçidə polis bəyan edib ki, bir kişi TikTok videolarına görə dörd qadın qohumunu öldürdüyünü etiraf edib.

Hər il Pakistanda yüzlərlə qadın qətlə yetirilir. Onların çoxu yaxın qohumları və ya tanış kişilər tərəfindən "namus qətlləri" adı altında öldürülür.

"Bu, çox şokedici və narahatlıq doğuran haldır", - İslamabadda yerləşən Kaid-i Azam Universitetinin gender tədqiqatları üzrə professoru Farzana Bari bildirib.

"Əgər sosial media məkanını qadınlar üçün daha təhlükəsiz edə bilməsək, bu, cəmiyyətimizdə baş verəcək başqa bir ayrıseçkilik növü olacaq",- o əlavə edib.

Pakistanlı professorun sözlərinə görə, bu qətl patriarxal düşüncənin, qadın düşmənçiliyi ilə dolu bir zehniyyətin təzahürüdür.

"Bu düşüncə qadınları müstəqil insan kimi qəbul etməyə hazır deyil və qadınların kişilərin iradəsinə qarşı "yox" demək hüququnu tanımır", - o vurğulayıb.

Pakistanda qadın hüquqları ilə bağlı bir müsbət xəbər ondan ibarətdir ki, ölkə keçən həftə uşaqların evlənməsini qadağan edən və İslamabadda evlilik üçün minimum yaş həddini 18 olaraq müəyyən edən yeni qanun qəbul edib.

Lakin qadın fəalları ictimai və şəxsi məkanları qadınlar üçün təhlükəsiz edəcək hərtərəfli hüquqi və sosial dəyişikliklərin hələ uzaqda olduğunu düşünürlər.

"Bu, cəmiyyətimizdə qızların və qadınların necə görüldüyünə dair bir davranışdır və tamamilə dəyişdirilməlidir",- İslamabaddan olan uşaq hüquqları üzrə fəal Mina Qabina bildirib.

Yazı AzadlıqRadiosunun "Radio Azadi" xidmətinin əməkdaşı Əbubakar Siddik tərəfindən hazırlanıb.

XS
SM
MD
LG