Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 23:48

Həbsdəki icra başçısı ilə bağlı yarım milyonluq mənzil mübahisəsi


Mahir Quliyev
Mahir Quliyev

Astara və Biləsuvarın üst-üstə 14 il boyunca icra başçısı vəzifəsində çalışmış Mahir Quliyev beş ildən çoxdur həbsdə olsa da, onun müsadirə edilmiş əmlaklarıyla bağlı məhkəmə çəkişmələri indiyədək sürür. Sabiq icra başçısının elə əmlakları arasında paytaxtın Babək prospektindəki 18-mərtəbəli binada, hələ beş il öncə istintaqın yarım milyon manat miqdarında dəyərləndirdiyi, iki mənzilin birləşməsindən ibarət 6-otaqlı ev də var.

Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 saylı binadakı 30 və 31 saylı mənzillərin mülkiyyətçisi keçmiş icra başçısı deyil. Bu mənzillərin rəsmi sahibi Məhbubə Eyyubova olub.

2022-ci ilin martında Lənkəran Ağır Cinayətlər Məhkəməsində M.Quliyev haqqında hökm çıxarılarkən, əmlakların, o cümlədən bu evin də müsadirəsinə qərar verilib. Yuxarı instansiya məhkəmələri də qərarı qüvvədə saxlayıb.

Üç il sonra bu əmlakla bağlı məhkəmədə yenidən çəkişmə başlanıb: "Məhkəmə Mahir Quliyevə aidiyyəti olmayan evin müsadirəsinə qərar verib. O ev 2003-cü ildə - Mahir Quliyev Biləsuvarın icra başçısı təyin edilməzdən səkkiz il öncə alınıb. Mənim əmlakımla bağlı qərar verilir, lakin məhkəmə məni maraqlı tərəf kimi işə cəlb etmir, məlumat vermir. 2025-ci ildə Xətai rayon İcra şöbəsi məni çağıranda xəbər tutmuşam ki, evim müsadirə edilir".

Məhkəmə mülkiyyətçinin şikayətinə baxsa da, onunla razılaşmayıb, əmlakın müsadirəsi haqda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Arqument də budur ki, 2003-cü ildə mənzillərin satışı barədə müqavilə binanı tikən şirkətlə M.Quliyev arasında imzalanıb. Həmin müqaviləyə görə, 18-mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşəcək 6-otaqlı 30 və 31-ci mənzillər ona satılıb. Ancaq maliyyə arayışları və orderlərdən görünür ki, həmin mənzillərin dəyərini M.Eyyubova tam ödəyib və orada onun yaşamaq hüququ var.

2020-ci ildə M.Quliyevin həbsindən sonra Babək prospektində yerləşən sözügedən evin üzərinə həbs qoyularkən əmlak 454 min manat qiymətləndirilib.

Biləsuvarın sabiq icra başçısı haqqında çıxarılan hökmdə həmin mənzillərlə yanaşı, 62 min manat miqdarında dəyərləndirilən "Audi A8" markalı avtomobil və Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində 574 min manat qiymət qoyulmuş başqa bir ev də əksini tapıb.

Məhkəmədə Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq icra başçısına qarşı qaldırdığı 3 milyon 206 min manatlıq mülki iddia təmin olunub. Məhkəmənin qərarına əsasən, bu məbləğ M.Quliyevdən alınıb icra hakimiyyətinin hesabına köçürülməlidir. Başqa sözlə, müsadirə olunmuş əmlaklardan əldə edilən vəsait ora yönəldilməlidir.

Xatırlatma

Mahir Quliyev 2006-2011-ci illərdə Astaranın, 2011-ci ildən həbs olunana qədərsə Biləsuvar rayonunun icra başçısı olub. O, 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Biləsuvar rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilsə də, Ali Məhkəmə ona güzəşt edib. Keçmiş məmura münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Onun cəzası da 8 il 3 aya endirilib.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlanıb. Həmin vaxt DTX əməkdaşları Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçılarını həbs ediblər. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

XS
SM
MD
LG